Müharibədə düşməni ağır itkilərə məruz qoyan döyüşçülərimizə silah-sursat daşıyan oğullarımızın da böyük xidmətləri var. Onlar istənilən döyüş nöqtəsinə lazım olan təminatı çatdırmaq üçün özlərini təhlükəyə belə atırlar.
Onlardan biri də 44 günlük Vətən müharibəsində sürücü kimi xidmət edən könüllü Dövlətov Mərhəmət Valeh oğludur.
M.Dövlətov öz döyüş yolunu belə nəql edib:
“1997-ci ildə anadan olmuşam. Ailədə iki qardaş və bir bacıyıq. 44 günlük Vətən müharibəsi zamanı kiçik qardaşım da Naxçıvanda əsgər idi. Özüm 2016-cı ildə əsgəri xidmətimi keçmişəm və onda da sürücü olmuşam. 2020-ci il sentyabrın 27-də mən də ordu sıralarına çağırıldım. Əvvəlcə Ağcabədiyə getdik. Ondan sonra isə 44 günlük müharibə zamanı Cəbrayıl, Qubadlı, Hadrut və Xocavəndə xidmət etdim”.
Qəhrəman hərbçimiz çox təhlükəli ərazilərdə texnikayla hərəkət etdiklərini bildirir:
“Biz Qubadlıya girəndə bir yol var idi və düşmənin beş topu hər dəqiqə o yolu vururdu. O cür yollardan texnikanı keçirib təminatı lazım olan yerə çatdıraqmaq lazım idi. Elə təhlükəli ərazidən ancaq bir-bir keçirdik və sürətlə hərəkət etmək tələb olunurdu.
Birinci gün Cəbrayılda dördyol deyilən yerdə düşmən texnikalarımızı vurdu. Onda səkkiz nəfər şəhidimiz və yaralımız oldu. Daha sonra Qubadlı istiqamətində xidmətlərimiz başladı və artıq Zəngəzurun ərazisinə çatmışdıq. Orda da döyüşlər oldu və şəhid verdik. 9 noyabrda üçtərəfli saziş imzalananda biz artıq Hadrutdaydıq. Onda xəbər verildi ki, düşmən artıq təslim oldu.
Yanvarın 10-da ordu sıralarından tərxis olundum. 44 günlük Vətən müharibəsində göstərdiyim xidmətlərə görə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarıyla təltif edilmişəm.
Həmin vaxt kəndimizdən bir çox dostlarım döyüşdə idi. Amma onlardan biri Həsən Dəmirov qəhrəmancasına şəhid oldu”.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn
Moderator.az