Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə paytaxt və ətraf ərazilərdə su təsərrüfatının mövcud vəziyyəti, infrastrukturun yenilənməsi zərurəti, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, eləcə də artan demoqrafik və iqtisadi yük fonunda dayanıqlı su təminatının yaradılması məsələləri geniş müzakirə olunub.
Azərbaycanın son iyirmi illik iqtisadi strategiyasının mərkəzində dayanan ən mühüm istiqamətlərdən biri regionların tarazlı inkişafıdır. Regional İnkişaf üzrə Dövlət Proqramları sadəcə infrastruktur layihələri deyil, ölkənin ümumi daxili məhsulunda qeyri-neft sektorunun payını artıran, sosial rifahı yüksəldən və milli təhlükəsizliyi möhkəmləndirən kompleks fəaliyyət planıdır.Ötən illər görülən işlər, atılan addımlar sayəsində biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifah halının yüksəlməsinə şərait yaranıb. Ulu Öndər Heydər Əliyevin hələ 1993-cü ildən başlayaraq həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş imkanlar açmışdır. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Dövlət başçısı regionların sürətli sosial-iqtisadi inkişafını təmin etmək üçün 2004-cü ildən başlayaraq dövlət proqramlarının hazırlanması və qəbul olunması istiqamətində addımlar atmış və onların icrası üçün konkret tədbirlər görmüşdür. Bu gün Azərbaycanın sürətli və hərtərəfli inkişafında, Cənubi Qafqazın lider ölkəsi olmasında, dünya miqyasında öz sözünü deyən güclü dövlət kimi qəbul edilməsində regional sosial-iqtisadi siyasətin rolu danılmazdır.
Proqramın icrası nəticəsində su itkilərinin qarşısı alınacaq və əhalinin suya tələbatının dayanıqlı ödənilməsi təmin ediləcək. Proqram, eyni zamanda, su, kanalizasiya, yağış suyu infrastrukturunun inkişafını da özündə ehtiva edir. Regional inkişaf proqramları və 12 yanvar 2026-cı il müşavirəsində müəyyən edilən hədəflər Azərbaycanın güclü iqtisadi gələcəyinin təminatıdır. Bu siyasət paytaxtla regionların vəhdətini yaradır, ölkəmizi regional logistik və sənaye liderinə çevirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar göstərir ki, dövlət siyasəti gələcək çağırışların qabaqlanmasına yönəlib. Su təhlükəsizliyi, enerji müstəqilliyi və regional inkişafın vəhdəti Azərbaycanın müstəqilliyini sarsılmaz edir. Bu gün qurulan su anbarları, çəkilən magistral kəmərlər və azaldılan itkilər sabahın firavan və dayanıqlı Azərbaycanının təməlidir.
Təsadüfi deyil ki, bu məsələ təkcə kommunal təminat məsələsi deyil, eyni zamanda, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, şəhər mühitinin sağlamlaşdırılması və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Vaxtilə içməli su və kanalizasiya problemləri insanların gündəlik həyatında ciddi çətinliklər yaradırdısa, bu gün ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin əksər şəhər və rayonlarında bu sahədə əsaslı dönüş əldə olunub. Cənab Prezident İlham Əliyevin çıxışı onu göstərir ki, dövlət bu prosesi yarımçıq hesab etmir və 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı ilə problemin kompleks, uzunmüddətli və davamlı həllini qarşıya məqsəd qoyur.
Həcər Ramazanova,
Pirallahı rayonu, 186 nömrəli tam orta məktəbin məktəbdənkənar və
sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı






























