Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Cəlilabad rayonunun Qarakazımlı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Mecra.az xəbər verir ki, görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat vermişdir.Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, kəndin ümumi problemləri müzakirə olunmuşdur.
Sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.




































