Sosial şəbəkədə canlı yayım açaraq övladının dəfn prosesini göstərən və səhifədə “kart var, tıklayın” sözləri ilə məşhurlaşan doqquz uşaq atasının bir övladını pay verməsi ilə bağlı səsləndirdiyi fikir birmənalı qarşılanmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, səsləndirilən iddialarla bağlı məsələ nəzarətə götürülüb və araşdırma predmetidir.
Açıqlamada qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birgə müvafiq yoxlamalar aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin ediləcək”
Sosial şəbəkələrdə canlı yayım edərək övladının dəfn prosesini göstərən və səhifədə “kart var, tıklayın” sözləri ilə məşhurlaşan doqquz uşaq atası Kamil Cəbrayılov cəmiyyətdə böyük narazılıq yaradıb.
Oxu.Azxəbər verir ki, bu barədə APA TV-nin videomaterialında bildirilib.
Diqqətçəkən məqamlardan biri də bu videogörüntülərin onun ikinci həyat yoldaşı tərəfindən lentə alınmasıdır.
21 yaşlı xanımla ailə qurması iddiasına isə o, belə cavab verib:
“İkincini də ala bilərəm, üçüncünü də, dördüncünü də, ondan kimə nə?”
İddialara görə, ailədə ümumilikdə 12 uşaq olub. Onlardan üçü əvvəllər, daha biri isə sonuncu hadisədə zəhərlənmədən sonra həyatını itirib. Digər uşaqların necə öldüyünü soruşanda isə valideyn qeyri-dəqiq və ziddiyyətli cavablar verib.
“Onlar elə bil ki, səkkiz ay, altı ayında yarımçıq dünyaya gəlmişdilər. Altı ayında dünyaya gələn asmadan ölüb. Yeddi ayında da ananın bətnində uşaq tələf olub. Beş gündən sonra, altı gündən sonra sancıları başlayıb aparmışıq, görüblər ki, hə, ananın bətnində uşaq ölüb. Bir dənəsi də doğuşa yaxın ölmüşdü. O da asma, hava çatışmazlığından”.
Daha öncəki müsahibələrdə bəzən səkkiz, bəzən də doqquz övladının olduğunu bildirən Kamil Cəbrayılov bir uşağını pay verdiyini deyir. “Kimə vermisiniz?” sualına belə cavab verib:
“Onu deyə bilmirəm. Kiməsə uşağı olmayana vermişik. Bizimlə qalmır. Burada bizdə rəsmi səkkiz uşaqdır”.
Uşaqların anası olduğu bildirilən Afət Cəbrayılova ilə də əlaqə saxlanılıb. Afət Cəbrayılovanın açıqlamalarında ailədaxili münasibətlər, maddi çətinliklər və baş verənlərlə bağlı qeyri-müəyyən məqamlar diqqət çəkib. Onun danışığından hiss olunub ki, evdə həm sosial, həm də psixoloji baxımdan gərgin bir mühit mövcuddur.






























