Xəbər verdiyimiz kimi, Lənkəran və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzlərinə infotur təşik edilib.
İnfoturda iştirak edən təhsil eksperti Elçin Əfəndi təhsil mərkəzlərində gördükləri ilə bağlı öz təəssüratlarını Mecra.az-la bölüşüb.
O, bildirib ki, təəssüratlar çox müsbət və yüksəkdir:
“Hər iki təhsil mərkəzində yaradılan şərait, infrastruktur onu deməyə əsas verir ki, peşə təhsilinə dövlət səviyyəsində xüsusi qayğı və diqqət var. Təsadüfi deyil ki, biz Peşə Təhsili üzrə Dövlət Agentliyinin Cənab Prezidentin xüsusi sərəncamı ilə yaradılmasından sonra bu istiqamətdə artan xətt üzrə inkişaf görürük. Son illər həm peşə təhsil istiqamətində qəbul göstəricilərinin artması, eyni zamanda yeni peşə təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsi, bundan əlavə mövcud müəllimlərin işə qəbullarının həyata keçirilməsi onu deməyə əsas verir ki, bu istiqamətdə dövlətin xüsusi diqqət və qayğısı var”.

Ekspert bildirib ki, ölkəmizdə 79 Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir:
“Burada ümumilikdə 41 min tələbə 159 ixtisas üzrə peşə təhsili alır. Onların təlim-tərbiyəsi və təhsil prosesi ilə 3500-dən çox pedaqoji heyət məşğul olur. Ötən ilin dekabr ayında dövlət başçısının müvafiq sərəncamı əsasında 2030-cu ilə qədər Peşə təhsili müəssisələrinin sayının 100-ə çatdırılması nəzərdə tutulub. Yəni yeni Peşə məktəbləri tikilərək istifadəyə veriləcək, o cümlədən mövcud Peşə məktəblərinin balansında yenidən bərpa və mövcud dünya standartlarına uyğun Peşə təhsili müəssisələri yaradılacaq”.

Elçin Əfəndinin sözlərinə görə, peşə istiqamətində bu qədər işlər görülməsinə baxmayaraq hələ də insanlarımızda Peşə təhsili ilə bağlı yaranmış o stereotipi tam sıradan çıxara bilməmişik:
“Hal-hazırkı vəziyyətdə əlbəttə, əsas başlıca məqsəd güclü təbliğat, maarifləndirmə işlərinin görülməsi və insanlarda ali təhsil deyil, peşə təhsilinə diqqətin ayrılması düşünürəm ki, əsas vacib şərtlərdən olmalıdır. Düşünürəm ki, həm Lənkəranda, həm də Cəlilabadda gördüyümüz mənzərə deyərdim ki, ürəkaçandır. Həm təhsil alanlar üçün orda yaradılmış şərait, nəzəri biliklə praktik biliyin eyni zamanda tədrisə tələbələr üçün əlçatanlığının təmin olunması müsbət məqamdır. Hətta 80-100 yerlik yataqlarının olması. Hətta orda yaradılmış şərait bizim elə ali təhsil müəssəsələrimiz var ki, orda mövcuddur. Bu da onu deməyə əsas verir ki, peşə təhsil istiqamətində görülən işlər bu şəkildə davam edərsə, qarşıdakı illərdə biz daha çox tələbənin peşə təhsili istiqamətində təhsil alacağını müşahidə edəcəyik”.

Təhsil eksperti Təhsil mərkəzlərində dual təhsil tətbiqini yüksək qiymətləndirib:
“Lənkran və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzlərində diqqətimi dual təhsil tətbiqi cəlb etdi. Burda tələbələr iki gün təhsil alırlar, üç gün müvafiq müssisədə konkret istehsalat təcrübəsi keçirlər. Bir növ öyrəndikləri əməyə çevrilir və onun nəticəsində müvafiq maliyyə imkanları qazana bilirlər. O imkanlar isə Peşə təhsili mərkəzinin infrastrukturunun daha da yaxşılaşdırılmasına düşünürəm ki, qarşıdakı illərdə müsbət mənada töhfə vermiş olar. Yaxşı olar ki, regionlarda bu cür Peşə təhsili müəssisələrinin yaradılması prosesi davam etsin və insanlarımız da peşə təhsili almaqda maraqlı olsun”.
Vasif ƏLİHÜSEYN






























