Xəbər verdiyimiz kimi, son günlər sosial şəbəkələrdə bir qrup şəxslər tərəfindən Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun ünvanına həqiqətə uyğun olmayan ittihamlar səslənir. Əlbəttə, icra başçısının fəaliyyətini və gördüyü işləri gözdən salmağa hesablanmış bu ittihamların kökündə şəxsi maraqlar dayanır.
Mecra.az-ın əməkdaşı məsələnin aktuallığını nəzərə alıb ən həssas təbəqə olan şəhid ailələrinin icra başçısı haqqında mövqeyini öyrənib.

Vətən Müharibəsi Qəhrəman, kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev saytımıza açıqlaması zamanı bildirib ki, Rafiq Cəlilov Cənab Prezident tərəfindən Cəlilabada icra başçısı təyin edildikdən sonra rayonda abadlıq-quruculuq işləri durmadan davam edir:
“Vətən müharibəsinin başa çatmasından sonra ilk aylarda Cəlilabadda icra başçısı yox idi, rayonu müavinlər icra edirdi və vəziyyət o qədər də ürəkaçan deyildi. Amma Ali Baş Komandan tərəfindən rayona icra başçısı təyin edilən hörmətli Rafiq Cəlilovun gəlişindən sonra demək olar ki, elə bir tədbir görmürəm ki, orda o, iştirak etməsin, maraqlanmasın, qayğı göstərməsin. Şəhid ailələrinə, qazilərə qarşı həmişə yüksək diqqət və qayğı göstərir. Biz yaşadığımız Göytəpə şəhərində küçələrdə asfalt olduğunu görməmişdik. Amma Rafiq Cəlilov gələndən sonra Göytəpənin bir neçə küçəsi asfaltlanıb, səkilər çəkilib, işıqlandırma sistemi qurulub. Nə müraciət də olunubsa, canla-başla həllinə çalışır. Düşünürəm ki, hörmətli icra başçımız haqqında həqiqətə uyğun olmayan bu cür ifadələrin sosial şəbəkələrdə tirajlanması düzgün deyil. Onların bu cür əsassız ittihamlar səsləndirməsi mənə hələ də qaranlıq qalır. Rafiq Cəlilov kimi rəhbər hələ indiyə kimi Cəlilabada gəlməyib. Çox alicənab, mədəni, ziyalı insandır. Həmişə şəhid ailələrinin yanındadır. Elə şəhid ailəsi var ki, icra başçısı 3-4 dəfə onun evində qonaq olub. Qapı-qapı düşüb şəhid ailələrini ziyarət edir. Mütəmadi olaraq kəndlərdə səyyar görüşlər təşkil edir. Sakinlərin problemləri ilə maraqlanır”.

Vətən müharibəsi şəhidi Murad Səlifovun atası Nəbi Səlifov da Rafiq Cəlilovun fəaliyyəti dövründə rayonda görülən işləri sadaladı. O, bildirdi ki, əvvəlki dövrlərdə heç bir icra başçısı Rafiq Cəlilov qədər ictimaiyyətə açıq olmayıb:
“Məni narahat bir məsələ var. 44 günlük Vətən müharibəsindən sonra Prezidentimiz tərəfindən rayonumuza Rafiq Cəlilov təyin olundu. Ancaq Rafiq müəllim rayonumuza gələnə qədər elə bilin ki, Qarabağda gedən dağıntı Cəlilabadın özündə var idi. Rafiq müəllim gələndən sonra rayonda səliqə-sahman yaranmağa başladı. Xəstəxana, məktəb binlarının tikilməsi, yolların çəkilməsi, işıqlandırılması, qazi və şəhid ailələrinin problemi həll edildi. Bütün bunları həll edən hörmətli icra başçımız Rafiq Cəlilov oldu. İcra Hakimiyyətinin qapısı hələ indiyə kimi cəmiyyətə açıq deyildi. Heç kim gedib icra başçısının qəbuluna girə bilməzdi. Hətta bu mənim öz başıma da gəlib. Amma bu gün o qapı hər bir vətəndaşın üzünə açıqdır. Rafiq Cəlilov hər bir vətəndaşımızın qayğısına qalan bir şəxsiyyətdir, bizim ağsaqqalımızdır. Bütün problemlər demək olar ki, həllini tapıb. Qalanları da həllini tapacaq”.
Şəhid atası icra başçısının ünvanına qərəzli ittihamlar səsləndirən şəxslərə səslənərək deyib ki, bəs rayonu dağıdan əvvəlki icra başçılarına niyə sözünüzü deyə bilmirdiniz: “Bu gün Rafiq Cəlilov gəlib qurub, yaradır, tikir, xalqın xidmətindədir. Qazi və şəhid övladlarının hətta kiçik toyunda da icra başçısı iştirak edir. Bundan da artıq daha nə olmalıdır. Bu cür zəhmətkeş adamın haqqında qərəzli olmaq, onun haqqını itirmək Allahın haqqını itirmək kimi bir şeydir. Prezidentimizdən xahiş edirəm ki, hörmətli icra başçımız haqqında qərəzli mövqedə olan adamlar haqda tədbir görülsün”.

Vətən müharibəsi şəhidi Muxtar Babayevin atası Rəhim Babayev açıqlaması zamanı bildirdi ki, Cəlilabadda son günlər icra başçısının ünvanına deyilən əsassız ittihamlar haqqında danışmaq istəyir, sözü var:
“Mən şəxsən o insan, rəhbər haqqında mənfi, neqativ bir fikir deyə bilmərəm. Cəlilabadda hamıya yaxşı ola bilməzsən, hər kəsin ağzından bir avaz gəlir. Hər kəs bir şey istəyir. İcra başçısı neyləməlidir ki?! İcra başçısı istənilən qədər əlindən gələni edir. Məktəb binamız tikilib, Göytəpə şəhərində xəstəxanamız tikilir. Küçələrimiz asfaltlanıb. Daha biz ondan nə istəyirik ki?! Vaxt var idi küçədə gedəndə palçığa batırdıq. İndi qəbiristanlığa gedəndə yağış da olsa belə asfalt yolla gedib-gəlirik. İcra başçımız, gözəl, yaxşı, xeyirxah bir insandır. Allah Prezidentimizə də, icra başçımıza da cansağlığı versin. Fəxr edirik ki, torpaqlarımız işğaldan azad edilib. Özüm birinci Qarabağ müharibəsi veteranıyam, dörd il müharibədə iştirak etmişəm. Oğlum da namusumuza, yaxşı yaşamağımıza görə şəhid oldu. Allah dövlətimizi qorusun”.

Vətən müharibəsi şəhidi Vüsal Cəfərovun atası, Sərhədxan Cəfərov da saytımıza açıqlamasında şəhid atalarının fikirlərinə qoşulduğunu bildirib:
“Demək istəyirəm ki, 63 yaşım var. Bizim rayona ilk dəfə işguzar insan İbrahim Qurbanov gəlmişdi. Hal-hazırda isə hörmətli Rafiq Cəlilov bizim rayonumuza təyin olunandan sonra abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yollarımız, işıqlarımız, qazımız çəkilib. Hər bir şəraitimiz var. Allah canın sağ eləsin. Biz hörmətli icra başçımız Rafiq müəllimə təşəkkür edirik”.

Vətən müharibəsi şəhidi Xanışov Əlikramın atası Qabil Xanışov açıqlaması zamanı bildirdi ki, icra başçısı Rafiq Cəlilovun gördüyü işlər göz önündədir:
“Küçələrimiz abadlaşır, şəhidlərin adları küçələrə verilir. Xəstəxana, məktəb binları tikilir. Bütün bunlar bizim ürəyimizi açır. Biz şəhid ailələrinə də çox yüksək səviyyədə diqqət və qayğı göstərilir. Biz hörmətli icra başçımızdan çox razıyıq”.
Vasif ƏLİHÜSEYN





























