Azərbaycan hər zaman sülh, əməkdaşlıq, birlik, təhlükəsizlik çağırışları ilə diqqətdədir. Dövlətimiz qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri özündə bütün məqamları ehtiva edir. Prezidentin sülhün təmin edilməsi istiqamətində atdığı addımlar, regionda sabitliyin möhkəmləndirilməsi, güclü və nüfuzlu dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlar, eləcə də beynəlxalq birliklə əməkdaşlığın genişləndirilməsi onun uğurlu və balanslaşdırılmış siyasətinin əsas göstəriciləridir.
Məhz bu kontekstdə Prezident İlham Əliyevin Şeyx Zayed Fondunun nüfuzlu beynəlxalq mükafatına layiq görülməsi onun yalnız qalib dövlətin lideri kimi deyil, sülh təşəbbüskarı və konstruktiv regional nizamın memarı kimi qəbul edildiyini göstərir.
Sülh prosesinin ən mühüm mərhələlərindən biri kimi, 2025-ci ilin avqust ayında keçirilən Vaşinqton görüşünü qeyd etmək olar. Bu görüşdə məsələyə faktiki olaraq nöqtə qoyulması Azərbaycanın iradəsinin dünya gücləri tərəfindən qəbul edildiyini göstərdi. Bu, sadəcə bir sülh sazişinin paraflanması deyil, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və şərtsiz tanıması, revanşist xülyalardan rəsmən imtina etməsi demək idi.
Möhtərəm Prezidentimiz öz çıxışında deyib ki, biz sülh şəraitində yaşamağı öyrənirik. Bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.
Hesab edirik ki, Dovlətimizin rəhbərinin bu sahədə göstərdiyi nümunə öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.
Şövqi Bayramov,
Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinin direktoru




























