Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” dövlətimizin başçısının sülh missiyasının qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir. Bu mükafat sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir.
Tarix sübut edir ki, güclü sərkərdələr çoxdur, lakin onlardan yalnız bir neçəsi qazandığı hərbi zəfəri siyasi sülhə çevirməyi bacarıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində əldə etdiyi mütləq Qələbə beynəlxalq hüququn bərpası idi. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesi təkcə iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqazda sabitlik və inkişaf üçün strateji əhəmiyyət daşıyır. Sülh, əməkdaşlıq və qarşılıqlı etimad bu regionun gələcəyini müəyyən edən əsas faktorlar kimi çıxış edir və Azərbaycan bu prosesdə ardıcıl, prinsipial və məsuliyyətli mövqeyini qorumaqda davam edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya göstərdi ki, döyüş meydanında qazanılan uğur, həm də uzaqgörən diplomatik manevrlərlə möhkəmləndirilməlidir. Azərbaycan sadəcə torpaqlarını azad etmədi, həm də regionda yeni geosiyasi reallıq yaradaraq uzunmüddətli sülhün təməlini qoydu. Bu prosesdə hərbi gücün beynəlxalq hüquq prinsipləri ilə uzlaşdırılması ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinə şərait yaratdı.
Mükafatın təqdim olunması mərasimində cənab Prezidentin haqqında səsləndirilən yüksək fikirlər bir daha təsdiq edir ki, İlham Əliyev bu nüfuzlu mükafata tam layiqdir. Onun liderliyi altında Azərbaycanın qazandığı uğurlar, beynəlxalq aləmdə artan nüfuzu və möhkəmlənən mövqeləri dost və tərəfdaş ölkələr tərəfindən böyük hörmətlə qarşılanır. Azərbaycanla dost münasibətlərə malik dövlətlərin bu mükafata verdiyi müsbət reaksiya bir daha göstərir ki, ölkəmizin seçdiyi siyasi yol düzgün və davamlıdır.
İftixar hissi ilə deyirik ki, Prezident İlham Əliyevin sülhə yönəlmiş siyasəti konkret nəticələr verməkdədir.
Ədalət Əsgərov,
Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri




























