Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı vurğulayıb ki, son illər ərzində aparılan işlər nəticəsində biz öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik. son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, istər qaz, istər hidro, istər Günəş, külək – bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu başlıca şərtdir. Yerləşdiyimiz bölgədə, geniş imkanlara malik olan ölkələr ən azı çox deyil və bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, bu barədə dəfələrlə danışılıb, gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik. Təbii ki, ölkə daxilində elektrik enerjisinə artan tələbat nəzərə alınmalıdır. Xüsusilə bizim sənaye inkişafı ilə bağlı böyük planlarımız var. Həm əhali artır, həm sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır və bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır. Ona görə bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir.
Son illər ərzində müxtəlif dövlət qurumları – nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Eyni zamanda, bildiyiniz kimi, xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və biz elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da dediyim kimi, böyük enerji güclərini tələb edir.
Fiber-optik bağlantılarla əlaqədar qeyd etdiyim kimi, enerji infrastrukturunun yanında bu kabellər də çəkilib. Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir, ümid edirəm ki, bu il başa çatacaq. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik. Təbii ki, bugünkü müşavirədə müzakirə ediləcək məsələlərin həlli üçün bu da başlıca məsələlərdən biridir.
Ceyhun Rəhimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Kazımabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi





























