Müasir beynəlxalq münasibətlər sistemi dərin geosiyasi rəqabət, enerji və logistika böhranları, texnoloji inqilab və iqlim dəyişiklikləri ilə xarakterizə olunur. Belə mürəkkəb mühitdə dövlətlərin uğuru yalnız riskləri idarə etməkdən deyil, onları imkanlara çevirmək bacarığından asılıdır. Azərbaycanın son illərdə əldə etdiyi nəticələr cənab İlham Əliyevin uzaqgörən və konkret hədəflərə yönəlmiş siyasətinin məhz bu məntiqə söykəndiyini göstərir. Cənubi Qafqaz regionunda formalaşan postmüharibə reallıqları Azərbaycanı yeni dövrdə beynəlxalq birliyin aparıcı aktorlarından birinə çevirib. Geostrateji ərazidə təhlükəsizlik arxitekturası yaratması, iqtisadi əməkdaşlıq perspektivlərini gücləndirməsi, ən əsası isə qütblərarası, hətta sivilizasiyalararası münasibətlərin inkişafına verdiyi töhfə Azərbaycanın aparıcı güc kimi əhəmiyyətini artırıb. Nəticə etibarilə rəsmi Bakının bütün platformalar üzrə etibarlı tərəfdaş statusu daha da möhkəmlənib. Bu baxımdan dünyanın supergücü olan ABŞ-ın Azərbaycana marağı xüsusi vurğulanmalıdır. Son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri bu mənada, xüsusi qeyd edilməlidir. Məlum olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılır. Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan bu dövlətin son proseslərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana diqqət yetirməsi bir sıra mətləblərdən xəbər verir. ABŞ-ın Vitse-prezidenti Ceymis Devid Vensin ölkəmizə səfəri bu baxımdan xüsusi vurğulanmalıdır.
Fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb. Sənəd Azərbaycan Prezidenti cənab İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin tərəfindən imzalanıb və bu da iki dövlət arasında münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyir. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri sıradan diplomatik təmas kimi deyil, Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi yüksək siyasi əhəmiyyəti və dəyəri göstərən hadisə kimi qiymətləndirilməlidir. Bu səfər ABŞ xarici siyasət strategiyasında Azərbaycanın nə qədər önəmli yer tutduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mövcud olan münasibətlər müasir beynəlxalq əlaqələr sistemində praqmatik və nəticəyə hesablanmış əməkdaşlıq modeli kimi xarakterizə olunur. Cənubi Qafqazda sülh Azərbaycanla ABŞ-ın ortaq marağındadır və iki dövlət arasında təhlükəsizlik əməkdaşlığı hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir. Birləşmiş Ştatlar Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-ABŞ münasibətlərində yeni, uğurlu səhifə açılıb. Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında münasibətlər praktik, rasional və nəticəyönümlü xarakter daşıyır. Bu əməkdaşlıq modeli qarşılıqlı maraqların balansına əsaslanaraq hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir və uzunmüddətli perspektivdə davamlı inkişaf imkanları yaradır.
Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı





























