Vətən müharibəsi şəhidi, Tofiq Əmirlinin atası Şəmsəddin Əmirli vəfat edib.
Mecra.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən şəhid atası bir müddət idi ki, Bakıdakı xəstəxanaların birində müalicə alırdı. Onu da bildirək ki, Şəmsəddin Əmirli coğrafiya müəllimi idi.
Qeyd edək ki, Tofiq Əmirli 1992-ci il fevralın 27-də Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. Tofiq Vətən müharibəsi zamanı oktyabrın 13-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Şəhidimizin anası Xatirə xanım da bu dərdə dözməyərək Tofiqin yeddi mərasimindən sonra dünyasını dəyişib.
Allah şəhidimizi və atasını rəhmət eləsin!
Biz də redaksiyamız adından şəhidin qardaşı Nicat Əmirliyə başsağlığı veririk.
Vasif ƏLİHÜSEYN

































