Aprelin 6-da Cəlilabad rayonunun ümumtəhsil məktəblərinin direktorları ilə növbəti işgüzar görüş keçirilib.
Mecra.az xəbər verir ki, görüş zamanı ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi, İllik Fəaliyyət Planının icra vəziyyəti, tədris prosesində mövcud vəziyyət və qarşıda duran prioritet məsələlər geniş müzakirə olunub. Eyni zamanda, Respublika Fənn Olimpiadasının final turuna vəsiqə qazanmış şagirdlərin hazırlıq səviyyəsi, onların nəticələrinin daha da yüksəldilməsi istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılıb.
Bununla yanaşı, Respublika Fənn Müsabiqəsi və Lütfi Zadə adına Məntiq Müsabiqəsinin zona turuna vəsiqə qazanmış şagirdlərlə aparılan hazırlıq işləri, müəllim-şagird əməkdaşlığının gücləndirilməsi və məqsədyönlü fəaliyyətin davam etdirilməsi ilə bağlı tapşırıqlar verilib. Görüşdə, həmçinin, 12 aprel 2026-cı il tarixində keçiriləcək ümumtəhsil məktəblərinin IX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq vəziyyəti, imtahan öncəsi təşkilati məsələlər, məktəblərdə maarifləndirmə və nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı müvafiq tövsiyələr səsləndirilib.
Bununla yanaşı, məktəblilərin məntiqi düşüncə və riyazi bacarıqlarının inkişafına xidmət edən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin keçirilməsi ilə bağlı hazırlıq işləri də müzakirə edilib, müsabiqənin yüksək səviyyədə təşkili üçün aidiyyəti tapşırıqlar verilib. Görüşün sonunda qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.































