Fevralın 4-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi və Cəlilabad Rayon İcra Hakimiyyəti ilə birgə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər Həftəsi” çərçivəsində “Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” adlı forum keçirilib.
Mecra.az xəbər verir ki, tədbirdən öncə qonaqlar üçün infotur təşkil olunub, tədris emalatxanalarına, ferma sahəsinə, idman kompleksi və digər infrastruktur obyektlərinə baxış keçirilib. Peşə təhsilinin gənclərin məşğulluğunda rolu və mərkəzin regional inkişafa töhfəsi diqqətə çatdırılıb.
Forum Dövlət Himni ilə açılıb, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə dövlət və ictimai qurumların nümayəndələri, təhsil müəssisələrinin rəhbər və tələbələri iştirak ediblər.





























