Mecra.az Xalq şairi Vahid Əzizin pandemiya dövründə qələmə aldığı “Evdə qal!” şeirini oxuculara təqdim edir:
(Sözə baxmayıb öz doğmalarının da
həyatını zərbə altına qoyanlara)
Qanmaq olmur–nə bəladır, nə kələk?
dərdlər gəlir qoşun-qoşun, dalbadal,
zarafatın yeri deyil–eləyək;
ay eloğlu, Vətən qızı, evdə qal!
Min şükürlər…limonumuz, çayımız,
nə cür olsa–yetişəcək payımız,
qadraş, Vallah, yaman azdır sayımız;
KƏSƏ BİLƏR SOYUMUZU, evdə qal!
Bir iş tutsun–kim nə gəlsə əlinnən,
toxusunlar palaz-paltar, kilimnən,
Azadlığın alınmır ki, əlinnən–
bağlasaq da ağzımızı, evdə qal;
bu dərdinki, qaqaş, bircə bu yoldu!
nə qalır ki, birdə gördün yay oldu!
“İnternetdə” o gün qəşəng toy oldu,
xatalıdır küçə tozu, evdə qal!
Səbrin səni çatlatsa da-qaynama,
bezdirsə də arvad-uşaq, qaynana,
“Virus”-deyir: ”Mənnən qoz-qoz oynama”!
inan, sevmir O,”qoz-qozu”, evdə qal!
“Karnanın” da bir gün vaxtı bitcək,
Cəhənnəmə vasil olub gedəcək,
atılacaq həm “ağızlıq”, həm əlcək,
çin etməkçün arzumuzu, evdə qal.
Şükür bizə!!-ellər yasa batıbdı,
hara desən dərd əlini atıbdı,
elə bilək “Qış yuxusu” tutubdu,
yatıb-alaq yuxumuzu,evdə qal!
Asudəsən–şeir də yaz, saz da çal,
həyətində odun da yar, paz da çal,
qorxma, bala, bəlalıya nə zaval?
“Çıldağ” alar qorxumuzu, EVDƏ QAL…




























