Şəmkir rayonunda 2003-cü il təvəllüdlü Tərlan yetkinlik yaşına çatmayan Elnarəyə (adlar şərti verilib) qarşı intim hərəkətlər etməkdə ittiham olunub.
Mecra.az “Teleqraf”a istinadla xəbər verir ki, o, 2010-cu il təvəllüdlü Elnarə ilə ötən il oktyabrın 4-də sosial şəbəkə vasitəsilə tanış olub.
Noyabrın 17-də onlar paytaxtda görüşüblər. Bu zaman qız yaşadığı evi könüllü tərk edib və Tərlanla Şəmkir rayonuna gəlib. Tərlan qızı rayonunda yaşayan bacısı Sevilin mənzilə aparıb.
Tərlanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Tərlan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, Elnarə ilə “Likee” adlı sosial şəbəkədə tanış olub: “Şəkillərini gördüm, onu bəyəndim. Hər ikimiz bir-birimizi sevdik. Mən Bakıya Elnarəni görməyə getdim. Orada ilk dəfə görüşdük, söhbət edərək ayrıldıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Elnarə ilə görüşmək üçün yenidən Bakı şəhərinə yollanıb:
“Noyabrın 17-də saat 9 radələrində metronun “20 Yanvar” stansiyasında görüşdük. O, kollecə getməmişdi. Bir qədər gəzdikdən sonra telefona baxdıqda anasının ona zəng etdiyini gördü. Elnarənin sinif yoldaşı da zəng edərək atasının və anasının kollecə gəldiklərini, onu axtardıqlarını dedi.
Elnarə ata-anasının onu axtarmasından narahat olduğunu və evə getmək istəmədiyini, getsə, özünü öldürəcəyini dedi. Mən ona birlikdə Şəmkir rayonuna getməyi təklif etdim. O da mənimlə razılaşdı”.
Tərlanın ifadəsinə görə, Bakı Beynəlxalq Avtovağzalına gediblər, oradan tanımadığı şəxsin idarə etdiyi taksi ilə Şəmkir şəhərinə yollanıblar:
“Biz Şəmkir rayonuna çatdıqda Elnarəyə bacımgilin evində heç kimin olmadığını dedim və ora getməyi təklif etdim. O da etiraz etmədi və mənimlə birlikdə bacımgilə getdi. Bir qədər söhbət edərək çay içdik”.
Tərlan deyib ki, noyabrın 17-də saat 22 radələrində və noyabrın 18-də gecə saat 1 radələrində iki dəfə Elnarə ilə onun razılığı əsasında cinsi əlaqədə olublar:
“Elnarənin 15 yaşı olmasını bilirdim. Bunu mənə özü demişdi. Əməlimdən peşmanam, mənə yüngül cəza təyin olunmasını istəyirəm”.
İş üzrə zərərçəkmiş Elnarənin atası Elnurun sözlərinə görə, qızı bəzən onlarla, bəzən də nənəsi ilə birlikdə yaşayır:
“Elnarə kollecdə təhsil alır. Hər gün səhər saat 7 radələrində kollecə gedir, saat 15-16 radələrində evə qayıdır. Noyabrın 17-də səhər saatlarında Elnarənin kollecə getmədiyini öyrəndim. Ona məxsus mobil telefona zəng çatmadığından özüm kollecə getdim. Məlum oldu ki, Elnarə dərsdə deyil.
Qohumlara zəng vuraraq qızımı soruşdum. Sonra Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə məlumat verdim. Noyabrın 18-də Şəmkir Rayon Polis Şöbəsindən (RPŞ) zəng vuruldu, qızımın Şəmkir rayonunda olduğu deyildi. Şəmkir rayonuna gedib qızımı geri gətirdim”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Tərlan 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 2025-ci ilin dekabrın 1-dən hesablanması qərara alınıb.






























