Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fevralın 15-də Serbiyaya səfərinin nəticələri Azərbaycanın bu ölkə ilə əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün yeni perspektivlər vəd edir. Serbiyanın dövlət başçısı ilə Prezident İlham Əliyev arasında keçirilən birgə və geniş tərkibdə görüşlər, mətbuata bəyanatlar, səsləndirilən fikirlər də bunun bariz ifadəsidir.
Serbiya ilə Azərbaycan strateji tərəfdaşdır. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Av¬ropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hər iki ölkə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinnin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.
Qeyd etdiyimiz kimi, son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Dövlətimizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir.
Ölkəmizin Prezidenti bildirmişdir ki, Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.
Vahid Mirzəyev,
Cəlilabad bələdiyyəsinin sədri





























