Qlobal siyasi sistemdə dərin dəyişikliklərin baş verdiyi, regional və beynəlxalq təhlükəsizlik mühitinin mürəkkəbləşdiyi bir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin daxili və xarici siyasət prioritetlərinin aydın ifadəsi kimi diqqət çəkir. Prezident İlham Əliyevin müsahibələri artıq illərdir ki, təkcə cari məsələlərə münasibət bildirmək deyil, eyni zamanda Azərbaycanın dövlət idarəçiliyi fəlsəfəsini, milli maraqlara əsaslanan inkişaf modelini və strateji baxışını cəmiyyətə çatdıran mühüm platforma rolunu oynayır. Son müsahibə də bu baxımdan ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi davamı kimi qiymətləndirilir.
Ötən ili tarixi il kimi dəyərləndirən Prezident İlham Əliyev vurğuladı ki, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini həm siyasi, həm iqtisadi müstəvidə görürük. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər uğurla irəliyə addımlamağa və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll etməyə imkan verir.
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil xarici siyasətinin əsas tərkib hissələri olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında mühüm uğurlara imza atıldı. Azərbaycanın bu təşkilatda artıq rəsmən iştirakı bizə göstərilən hörmətin əlamətidir və dövlətimizin apardığı müstəqil siyasətin nəticəsidir. Tarixi Zəfərimizin reallıqları fonunda əsas hədəflərdən biri məhz Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Prezident İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə diqqət yönəltməsin. Dövlət başçısının qeyd edilən müsahibəsi də bu baxımdan diqqətdədir. Ölkə Prezidenti həmçinin Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqların fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsindən, hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsindən, Azərbaycanın bu istiqamətdə fəaliyyətindən, nəqliyyat və turizm imkanlarımızdan, ölkələr, xalqlar arasında körpü rolumuzdan, Azərbaycan dilinin inkişafından, elm və təhsil sahəsində mövcud durumdan, “qara qızıl”ın insan kapitalına çevrilməsindən, işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən təkmil idarəçilik sistemindən və sair mühüm məsələlərdən geniş bəhs etdi. Azərbaycan ən sabit, təhlükəsiz ölkələr sırasındadır.
Cənab İlham Əliyevin bu müsahibəsi sadəcə bir illik fəaliyyətin hesabatı deyil, həm də qüdrətli Azərbaycanın gələcək onilliklərini əhatə edən milli inkişaf doktrinasıdır. Dövlət başçısının qətiyyətli bəyanatları və elan etdiyi strateji prioritetlər bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə daha böyük zəfərlərə, sarsılmaz sabitliyə və yüksək rifaha doğru inamla addımlayır. Bu çıxış həm dostlar, həm də rəqiblər üçün aydın bir mesajdır: Azərbaycan öz milli maraqlarını qorumağa və regionun taleyini müəyyən etməyə qadir olan, sarsılmaz iradəyə malik güclü dövlətdir.
Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı






























