“İnsan Qardaşlığı” mükafatı dünyada müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, tolerantlığın və sülhün təşviqinə xidmət edən nüfuzlu beynəlxalq mükafatdır. Bu mükafatın əsas məqsədi insan hüquqlarının qorunması, dinlərarası dialoqun gücləndirilməsi, qarşıdurmaların aradan qaldırılması və xalqlar arasında birliyin möhkəmləndirilməsinə töhfə verən liderləri və təşkilatları dəyərləndirməkdir.
Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirilən fikirlər Azərbaycanın qətiyyətli mövqeyinin, ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurlarının növbəti təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin və suverenliyimizin bərpasının reallıqları fonunda bu çağırışı səsləndirmişdir ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi, İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.
Ümumiyyətlə, istər Qərb, istərsə də Şərq dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması müstəqil Azərbaycanın xarici siyasətinin prioritet xəttini təşkil edir. Bunun üçün təkcə cari ilin ötən dövründə cənab İlham Əliyevin xarici səfərlərinə, iştirak etdiyi tədbirlərin mahiyyətinə və say tərkibinə, keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərlə bağlı Azərbaycanın mövqeyinə verilən önəmə diqqət yetirmək kifayətdir. Tarix göstərir ki, uzunmüddətli və dayanıqlı artım yalnız güzəştlər, qarşılıqlı hörmət və ehtiram mühiti yolu ilə əldə oluna bilər. Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də multikulturalizmi həyat tərzinə çevirməsidir. Bunun üçün tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən Azərbaycanın bu istiqamətdə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Şərqlə Qərbin qovuşağında yerləşən ölkəmiz müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirərək onların arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Azərbaycanla müasir dünyada öz inkişafı ilə seçilən Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir.
Günümüzün reallığı budur ki, Azərbaycanın istər regionda, istərsə də dünyada nüfuzu gündən-günə artır. Azərbaycan illərdir sülh istədi və bu istiqamətdə ardıcıl səylər göstərdi və buna nail oldu. Vaşinqton sülh razılaşması tariximizə Azərbaycanın sülh siyasətinin uğurlu nəticəsi kimi yazıldı. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması mərasimində bu mükafatın laureatlarını videomüraciət əsasında təbrik edən liderlər bir daha vurğuladılar ki, bu, sadəcə, siyasi və diplomatik addım deyil, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən həqiqətən də tarixi bir nailiyyətdir. Bu nailiyyət bir daha sübut edir ki, siyasi cəsarət səmimi iradə ilə birləşdikdə münaqişəni fürsətə, sülhü isə daimi seçimə çevirmək mümkündür.
Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı




























