Beynəlxalq münasibətlər sistemində dövlətlərin milli maraqlarını qoruması və qlobal proseslərdə fəal iştirak etməsi beynəlxalq təşkilatlarda effektiv təmsilçilikdən birbaşa asılıdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla əməkdaşlığı xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirmiş və bu istiqamətdə ardıcıl, prinsipial xətt yürütmüşdür. Beynəlxalq təşkilatlarda təmsil olunmaq Azərbaycan üçün diplomatik iştirak olmaqla yanaşı, həm də milli təhlükəsizliyin möhkəmləndirilməsi, suverenliyin qorunması və ölkənin qlobal mövqelərinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Davos İqtisadi Forumu müasir qlobal siyasət və iqtisadiyyatın əsas intellektual və siyasi platformalarından biri hesab olunur. Davos Forumu artıq iqtisadi məsələlərlə yanaşı, həm dəgeosiyasi proseslərin, enerji təhlükəsizliyinin, iqlim dəyişikliyinin və texnoloji transformasiyanın formalaşdırıldığı mühüm siyasi məkana çevrilmişdir. Azərbaycan üçün Davos İqtisadi Forumu strateji əhəmiyyət daşıyan beynəlxalq tribuna rolunu oynayır. İlk növbədə, forum ölkənin qlobal iqtisadi sistemdə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirmək üçün əlverişli platformadır.
Cari ilin 20 yanvar tarixində keçirilən Davos İqtisadi Forumu Azərbaycan üçün həm siyasi, həm də strateji baxımdan xüsusi əhəmiyyət kəsb etmişdir. Qlobal iqtisadi və siyasi gündəliyin müəyyənləşdirildiyi bu mötəbər tədbirdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması ölkənin müasir beynəlxalq münasibətlər sistemində artan rolunun bariz göstəricisi kimi qiymətləndirilir. Forum çərçivəsində cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycan üçün mühüm siyasi və kommunikativ hadisə kimi qiymətləndirilə bilər. Qlobal auditoriyaya malik nüfuzlu media qurumuna verilən bu müsahibə təkcə informasiya xarakteri daşımamış, eyni zamanda Azərbaycanın beynəlxalq mövqelərinin, strateji prioritetlərinin və siyasi baxışlarının dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli tribuna rolunu oynamışdır. Müasir beynəlxalq münasibətlər sistemində media artıq klassik diplomatiyanın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu baxımdan, “Euronews” kimi beynəlxalq televiziya kanalına verilən müsahibə Azərbaycanın mövqeyinin geniş coğrafiyada düzgün və obyektiv şəkildə anlaşılmasına xidmət edir. Davos Forumunun gündəliyində mühüm yer tutan enerji və inkişaf məsələləri kontekstində cənab Prezident İlham Əliyevin “Euronews” vasitəsilə səsləndirdiyi fikirlər Azərbaycanın qlobal proseslərdə məsuliyyətli və təşəbbüskar aktor kimi rolunu vurğulayır. Bu isə ölkənin geosiyasi çəkisinin artmasına və milli maraqlarının beynəlxalq səviyyədə daha effektiv müdafiəsinə xidmət edir.
Cənab Prezident “müsahibədə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi barədə səsləndirdiyi fikirlər mühüm siyasi və ideoloji məna daşıyır. Bu mövzuya toxunulması müsahibəni cari beynəlxalq proseslərin şərhi müstəvisindən çıxararaq, Azərbaycanın uzunmüddətli dəyər əsaslı siyasətinin təqdimatına çevirir. Prezidentin bu mükafatla bağlı mövqeyi ölkənin humanizm, tolerantlıq və qlobal həmrəylik prinsiplərinə verdiyi önəmin siyasi ifadəsi kimi çıxış edir. Müsahibədə bu mükafatın vurğulanması ilk növbədə Azərbaycan dövlətinin multikulturalizm və dini-mədəni dialoq sahəsində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Cənab Prezidentin fikirləri mükafatın fərdi xarakter daşımadığını, əksinə, Azərbaycan cəmiyyətinin tarixi birgəyaşayış ənənələrinin və dövlət siyasətinin nəticəsi olduğunu ön plana çıxarır. Bu yanaşma siyasi baxımdan mühüm mesajdır, yəni Azərbaycan öz milli kimliyini qlobal dəyərlərlə uzlaşdıran, daxili sabitliyini isə tolerantlıq üzərində quran dövlətdir.
Elçin Məmmədov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı






























