“Ermənistanda müddətli hərbi xidmət müddətinin azaldılması ilk növbədə hərbi xərclərin azaldılması məqsədi ilə atılan bir addımdır. Digər tərəfdən isə Ermənistan hesab edir ki, Azərbaycan ilə münaqişə keçmişdə qalıb”.
Bunu Mecra.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
“Son aylar ərzində Ermənistanın təxribatlara yol verməməsi, atəşkəsi pozmaması onu göstərir ki, Azərbaycanın sülh gündəliyi gec də olsa Ermənistan tərəfindən qəbul edilib. Proseslər kifayət qədər müsbət məcrada davam edir, amma təbii ki, istisnalar mövcuddur. Bunlardan biri də Zəngəzur dəhlizinin açılması istiqamətində işlərin yalnız bəyanat səviyyəsində qalması ilə əlaqədardır.

Digər proseslərdə isə kifayət qədər ciddi irəliləyişlər görülüb. Birbaşa kontaktlar artıq həyata keçirilir. Üçüncü bir tərəfin iştirakı olmadan bir çox məsələlərdə, o cümlədən kommunikasiyaların açılması delimitasiya prosesinin davam etdirilməsi və sülh gündəliyinin daha sabit və dayanıqlı bir şəkildə həyata keçirilməsinə dair razılaşmalar əldə olunub. Ermənistan nadir ölkələrdən idi ki, müddətli hərbi xidmət müddəti iki il olaraq təyin edilmişdi. İndi görünür Ermənistan da digər ölkələr kimi bu xidmət müddətini azaltmaqla həm hərbi xərclərini azaltmağı hədəfləyir, həm də beynəlxalq təcrübəni tətbiq etməyə hazırlaşır”, – deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN





























