Dostumuz Vasif Əlihüseynin “25-dən 27-na keçməyən gecə” kitabı bir daha göstərir ki, tariximizdə elə gecələr olub, onların sabahı uzun illər gecikib. Biz “hər gecənin bir sabahı var” deyimini ümumi mənada ümid kimi qəbul edirik. Bu ifadə qaranlığın bitəcəyini və işığın gələcəyini bildirir. Siyasi mənada isə biz illər boyu bu faciələrin siyasi-hüquqi qiymət alacağını bilirdik. Amma bizim üçün bu gecələrin sabahı olmadı və o gün bizlər millət olaraq uzun müddət bu qaranlığı yaşamağa məhkum edildik. O gecələr bizə iztirablar, mənəvi yorğunluq və ümidsizlik yaşatsa da, milli yaddaş və dirəniş sayəsində xalqımız bu ağır dövrləri unutmadı və irəlilədi.
Mükəmməl strateji ideologiyanın formalaşdırılması, xalqın tam etimadının qazanılması və müasir, güclü ordunun qurulması nəticəsində o qaranlıq gecələrə sabah gətirilməsi üçün mühüm zəmin formalaşdı. Milli şüurun formalaşması ilə milli birlik əldə etdik və dünyaya sübut etdik ki, ədalət geciksə də, gecə sonsuz deyil.

2020-ci il sentyabrın 27-dən başlayan və o sonsuz gecələrə son qoyan şərəfli bir qərar qəbul olundu. Düşmənlərimizin sabahları qaranlığa qərq oldu, milli ideologiyamızın gələcəyi isə işıqlı, parlaq sabahlara açıldı. Həmin gün ədalətsizliyin sona çatdığı dönüş nöqtəsi kimi yaddaşımızda qaldı. Sentyabrın 27-si şərəf lövhəmizə qürur və fəxarətlə həkk olundu. Artıq biz nə qədər ağır olsa da, uzun müddət o faciələri, qaranlıq və sabahı olmayan gecələri yaşamışdıq. Lakin 44 gün ərzində biz qəlblərdə daim yanan, heç vaxt sönməyən azadlıq və istiqlal məşəlini alovlandırdıq. Bu məşəl təkcə ölkəmizdə deyil, dünyada ədalətsizliyə qarşı bir dönüş nöqtəsinə çevrildi. Bu dönüş Azərbaycan xalqının birliyi, ordumuzun Vətən sevgisi və Ali Baş Komandan, cənab Prezidentin rəhbərliyi ilə əldə olundu. Bu gün hələ də bu ədalət zəfərini və onun möhürünü qəbul etməyən, onun bərpasından narahat olan qüvvələr mövcuddur və gələcəkdə də olacaqdır. Əslində,onlar beyinsizlər ordusu kimi xarakterizə olunur. Çünki normal beyinə malik olan insanlar ədalətsizliyi yox, ədaləti müdafiə etməlidirlər. Bu insanların beyin yarımkürələri işləmir, onlar iki yarımkürəli yox, bir beyin yarımkürəsinə malikdirlər.
Neyroelmdə öz dövlətinin uğuruna sevinməyən insanların xarakteristikası mövcuddur. Nə sol, nə sağ beyin yarımkürəsinə malik olmayanlar “beyinsizlər” adlanır. Sadəcə olaraq fərq ondadır ki, Azərbaycanın daxilində olanlar isə həmin “beyinsizlər ordusu”nun muzdlu əsgərləridir. Tibb və nevropsixologiya göstərir ki, insan beyni kompleks və inteqrativ işləyir. Nevrobiologiyada məlumdur ki, insan beyinləri arasında koordinasiya pozulanda “beyinsizlik” əmələ gəlir. Bunların koordinasiyası pozulub. Nə xoş ki, xalqımız bunları qəbul etməyib. Xalqımız qətiyyətin, müdrikliyin, böyük düşüncənin və ədalətin yanındadır, çünki inkişaf həmişə zəfər gətirir.Dəyərli soydaşlar, hər şey Azərbaycan üçün, hər şey Vətən üçündür. Çünki əsl güc, birlik və gələcək məhz bu ideyanın ətrafında formalaşır. Sabaha gedən yol da, uğura aparan iradə də buradan ilhamlanaraq başlayır. Bu yolun sonu isə daim yüksəliş, qürur və qalibiyyətlə tamamlanır.
Ramil Hüseynov, “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri





























