Azərbaycan ilə Ukrayna arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında inkişaf etmişdir. Hər iki ölkə müstəqilliklərini bərpa etdikdən sonra siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm vermiş, beynəlxalq platformalarda bir-birinin mövqelərini ardıcıl şəkildə dəstəkləmişdir. Bu münasibətlər zamanın sınağından çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm amillərdən birinə çevrilmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin işgüzar səfərinin Bakıda deyil, Qəbələdə keçirilməsi çox rəmzi məna daşıyır. Birincisi, Ukrayna dövlətinin hazırkı başçısı əvvəllər də Qəbələdə olub, lakin o zaman hələ siyasətçi statusunda deyildi. İkincisi, məhz Qəbələdə uzun illər Rusiyaya məxsus radiolokasiya stansiyası yerləşirdi və onun ölkəmizdən çıxarılması da Azərbaycanın diplomatik uğuru idi. Bu gün Qəbələ Azərbaycanın ən inkişaf etmiş turizm istiqamətlərindən biri olmaqla yanaşı, yüksək səviyyəli siyasi, diplomatik və mədəni tədbirlərin keçirildiyi məkandır.
2026-cı il aprelin 25-də Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və verilən bəyanatlar bu tərəfdaşlığın dinamik inkişafını bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında iki ölkə arasında əlaqələrin dərin köklərə və möhkəm siyasi təmələ əsaslandığını xüsusi vurğuladı. Bütövlükdə, Bakı ilə Kiyev arasında əməkdaşlıq qarşılıqlı fayda prinsipinə əsaslanır. Məhz buna görə də Azərbaycan bu gün konkretlik və etibarlılıq lazım olan məqamlarda müraciət olunan ölkəyə çevrilmişdir. Bunu dərk edən ölkələrin sayı isə durmadan artır.
Azərbaycan öz mürəkkəb geosiyasi mövqeyindən – Rusiya, Türkiyə, İran ilə qonşuluq, eyni zamanda Qərbə enerji təchizatı – maksimum fayda çıxarır və heç bir bloka qoşulmadan Ukraynaya praqmatik, ladanşlı dəstək verir. Siyasi müstəvidə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə Azərbaycan beynəlxalq hüququn qoruyucusu kimi imicini gücləndirir. İqtisadi sahədə SOCAR və digər şirkətlər müharibəyə baxmayaraq Ukrayna bazarındakı mövqelərini qoruyur. Hərbi-texniki əməkdaşlıq hələ də pərdəarxası olsa da, istiqamət aydındır: birgə istehsala doğru addımlar. Bu münasibətlər çətinləşən şəraitdə nəinki ayaqda qalır, əksinə təkamül edir və hər iki tərəf üçün xarici siyasətin uğurlu multivektorluluğunun bariz nümunəsi olaraq qalır.
2026-cı il aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat sadəcə protokol xarakterli bir çıxış deyildi. Bu, son dörd ildə formalaşmış strateji əməkdaşlığın kodlaşdırılmış mesajı, geosiyasi fırtınalar içində hər iki dövlətin balanslı siyasətini necə qoruduğunun lakonik, lakin tutumlu ifadəsi idi.
Ümumilikdə, Ukrayna Prezidentinin Azərbaycana səfəri və keçirilən görüşlər bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır və çoxşaxəli əməkdaşlıq gündəliyi ilə zəngindir. Siyasi dialoqun intensivliyi, iqtisadi və enerji sahələrində uğurlu layihələr, eləcə də təhlükəsizlik istiqamətində perspektivlər Azərbaycan-Ukrayna tərəfdaşlığının gələcəkdə daha da inkişaf edəcəyini deməyə əsas verir.
Arzu Rəhimova,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı




























