Artıq bir neçə gündür ölkənin böyük kartof istehsalçısı olan Cəlilabad rayonunda stixana şəraitində yetişdirilən kartofun yığımına start verilib.
Mecra.az-a bu haqda fermerlər məlumat verib. Onlar rayonun Muğan, Maşlıq və Kazımabad kimi böyük kartof sahəsi olan kəndlərində yığıma start verildiyini bildiriblər. Fermerlərin sözlərinə görə, aprel ayının sonunda isə kütləvi yığıma start veriləcək.
Hazırda alıcılara təqdim olunan kartofun start qiyməti 1.70 qəpikdir.
Sakinlər həm də kəndlərdə el arasında “dəllal” kimi tanınan şəxslərin kartofun qiymətini qəsdən aşağı salmağa çalışdıqlarını bildiriblər. Lakin fermerlərin haqlı iradından sonra bunun qarşısı alınıb. Fermerlər bildirib ki, hər il qiyməti aşağı salmaq üçün həmin şəxslər bu cür addımlar atmağa çalışırlar.
Cəlilabad rayon Aqrar İnkişaf Mərkəzindən saytımıza bildirilib ki, bu il 2855 hektardan çox ərazidə kartof əkilib. Yığım başlayan gündən isə 240 ton kartof satılıb.
Vasif ƏLİHÜSEYN































