Mecra.az Xalq şairi Vahid Əzizin şeirlərini təqdim edir:
ATAM…
Köç etdi dünyadan cavan yaşında,
dayağım, yenilməz uca dağ idi.
Anam şəfəq idi ocaq başında,
Atamnan irəli bir Allah idi.
Yerində namazı, imanı, dini,
qoymazdı bir kimsə aşa həddini.
səsi evimizin Bayrağı, Himni,
həm qanun yazandı, həm də Şah idi.
Nurlu çöhrəsinə gəlməzdi zaval,
yerişdə-duruşda əzəmət, sambal.
evin duz-çöyi, suyu da halal,
olmayan- bir haram, bir tamah idi.
Sarsıtdı ömrümü o qara xəbər,
o vaxtdan gəncliyim viran, dərbədər.
Atamın dünyadan köçdüyü səhər,
zülmətə qərq olmuş bir sabah idi.
Köç etdi dünyadan cavan yaşında,
arxamda yenilməz uca dağ idi.
Anam bir nur idi ocaq başında,
Atamnan irəli bir Allah idi.
Bu süni intellekt özgə bir bəla
Sanki yaşamaqdan İnsanlıq doyub;
sülhə gəlmək olmur dava-şavayla,
biz öz ağlımızı kanara qoyub
işləri görürük
“Yapa zəkayla”,
Vaxtınmı “Səbrinin kadası” dolub,
Tanrım, kim apardı, kim ağlımızı?
“Nəsillər tarixin” kanara qoyub
“Yoxdan” öyrənirik keçmişimizi!
Susacaq nəğmələr dildə- ağızda,
itəcək mərifət, əxlaq, qanacaq,
bir vaxt caniyə də, günahsıza da
“Süni intelkeklə” hökm oxunacaq!
Dözəkmi məhvinə Yer kürəsinin,
gözləyək, yekunda, sonda nə olur?
Bu oyun bir çəngə Şeytan cinsinin
bəşərin məhvinə saldığı yoldur!
Hər vaxt Haqq boğulub Şair sözündə,
Ruhunu itirən nə cür yaşayır?
Mən belə görürəm-” Bu Yer üzündə
yeni bir Quldarlıq dövrü başlayır!”
Bu “Süni intelkekt” yeni bir bəla”,
hara üz tutmuşuq, hara gedirik?
İnsan zəkasına qəsd edib, bala,
arada duyğu qəlb itiririk…
HAMIMIZ…
Bilmək olmur-“Azıq, çoxuq?”,
gəldi-gedərik hamımız,
bir gün varıq, bir gün yoxuq-
bax, bu qədərik hamımız!
Vaxt ayırmış Dünya bizə,
nur çiləmiş sevgimizə,
söyərlərmi qəbrimizə,
nə cür gedərik hamımız?
Vücudların can- içində;
həm dahidə, həm gicində,
dönsək günahla köçənə-
gözdən itərik hamımız,
Ucalarda bəxtlər yazan,
bəd olanlar pərgar pozan,
əbədidir məkan, zaman,
ötərilərik hamımız…
GƏLƏSƏN…
Ayrılığın dolayları çətindi;
istəmişdim həsrətimi biləsən,
zülmət düşür- amna, qərar sənindi;
yazmışdım ki, Gün doğanda gələsən,
Sevgimizdə nə məni yor, nə səni,
dəyərləndir həsrətini çəkəni;
payız gəlir…,istəmirəm qəlbimi
duman sıxıb, çən boğanda gələsən,
Olanım bu; bundan artıq nə deyim?
Göylərə də bəlkə çatıb gileyim,
nə gərək var solmağıma, mələyim,
“yazıq”-deyib yad baxanda gələsən?
Dayanmadan gün dalınca gün gedər,
sevgilərin çoxusunda qəm, kədər,
qarşılaşmaq çətindirsə bu qədər,
yuxularda darıxanda gələsən,
Xəbər gəlməz xoş bir dildən, ağızdan,
nə mehlərnən, nə bir varaq kağıznan,
heç olmazsa- keçə bilsəm payızdan
saçlarıma qar yağanda gələsən…





























