Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri Ələsgər Mirzəzadəni 70 illik yubleyi münasibəti ilə qəbul edib.
Mecra.az xəbər verir ki, qəbul zamanı Ələsgər Mirzəzadə pedaqoji və elmi fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb. Daha sonra RİH başçısı Rafiq Cəlilov Ələsgər Mirzəzadəni anadan olmasının 70 illiyi münasibəti ilə təbrik edərək, hədiyyə təqdim edib.
Xatırladaq ki, Ələsgər Ağahəsən oğlu Mirzəzadə 1956-cı il aprelin 1-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub. 1971-ci ildə Lənkəran Dövlət Pedaqoji Texnikomuna daxil olmuş, 1975-ci ildə ixtisasına uyğun olaraq əmək fəaliyyətinə başlamışdır. Ə.Mirzəzadə təhsildə, elmdə və ictimai işlərdə bir ziyalı olaraq qazandığı uğurlara görə, 2018-ci ildə Azərbaycan Təhsil İşçilərinin XV qurultayına nümayəndə seçilmişdir. Ələsgər müəllim pedaqoji fəaliyyəti ilə yanaşı, Azərbaycanın cənub-şərq bölgəsinin (Muğan) tarixi keçmişinin açılmamış sirlərini öyrənir və kolleksiyalar toplayır. Azərbaycan tarixinin keçmişini əks etdirən nadir tapıntıları Cəlilabad Tarix Muzeyinin eksponatları içərisindədir.
Muzeyə 100-lərlə eksponat vermişdir. Qeyd edək ki, Ələsgər müəllim Muğanın tarixi silsiləsinə daxil olan “Cəlilabad Qədim abidələr diyarı”, “Muğan Maddi – mədəniyyət abidələri”, Muğan tarixindən bəhs edən “Tarix və Zaman”, şəhidlərlə bağlı “ Vətən bizi unutmaz”, “Muğanın irsi Həməşəra xalçaları”, “Azərbaycanın Cənub Bölgəsinin Tarixindən” kitablarının və çoxlu elmi-pedaqoji, publisist məqalələrin də müəllifidir.
Biz də redaksiyamız adından Ələsgər müəllimi 70 illik yubileyi münasibəti ilə təbrik edirik.
































