Cəlilabad rayon Alar kəndində Vətən müharibəsi şəhidi Əkbər Hüseynlinin adı küçəyə verilib.
Mecra.az xəbər verir ki, bu barədə şəhidin əmisi, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı məlumat verib.
Bildirilir ki, Alar kəndinin Yuzev məhəlləsində uzunluğu 3 kilometrə yaxın olan küçəyə şəhid Əkbər Hüseylinin adı verilib.
Qeyd edək ki, Əkbər Hüseynli 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olub. Əkbər Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil alıb. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib. Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı döyüşün ilk günlərində Murov istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı qolundan yaralanmış, əsgər yoldaşlarının təkidinə baxmayaraq döyüşə davam etdirib. 27 sentyabr tarixlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş yoldaşları ilə xeyli irəliəyərək düşmənin çox sayda hərbi qulluqçusunu məhv edib. Əkbər Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamına Əsasən “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Allah cəmi şəhidlərimizi rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN

































