Yanvarın 10-da mətbuata açıqlamasında Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-ın Vitse-prezidenti Ceyms Di Venslə birlikdə imzaladıqları Strateji Tərəfdaşlıq Xartiyasında əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur.
Əlamətdar haldır ki, qalib, qüdrətli Azərbaycan dövləti Prezident İlham ƏIiyevin liderliyi ilə bu sahədə bütün hədəflərinə nail olur. Dünyanın bizə dost ölkələri uğurlarımıza nikbin yanaşırlar. Xüsusilə qeyd olunmalıdır ki, Vaşinqton məsələyə Cənubi Qafqaz siyasətində Azərbaycana böyük rol verilməsi kontekstində yanaşır. Bu yanaşma praqmatizmə əsaslanır, qarşılıqlı faydanı rəhbər tutur. Yəni, sülh gündəmi üçün prioritet həm də iqtisadi faydadır. ABŞ Azərbaycanla müdafiə və hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir. Bununla bağlı məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” da da öz əksini tapıb. Sənədə əsasən, tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞ terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar.
Suverenlik və etimad üzərində qurulan tərəfdaşlıq qəbul edilmiş sənədin əsas cəhətidir. Xartiyada tərəflərin bir-birinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət göstərməsi fundamental prinsip kimi xüsusi vurğulanır. Bu yanaşma sənədin təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıdığını göstərir.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər.TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var.
İlkin Əliyev, Cəlilabad RİH-nin əməkdaşı





























